Bəzən bir qərar insan ömrünü dəyişir.
Bir imza — həyatın davamına çevrilir.
Bakı Biznes Universitetində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə orqan donorluğunun əhəmiyyəti mövzusunda görüş keçirilib. Tədbirdə donorluğun tibbi, hüquqi və mənəvi əsasları barədə məlumat verilib, cəmiyyətin bu sahədə məlumatlandırılmasının vacibliyi vurğulanıb.
Universitetin prorektoru Cavidan Heydərov çıxışında insan həyatının müqəddəsliyindən, paylaşmağın və mərhəmətin əsl dəyərindən bəhs edib və vurğulayıb ki, maarifləndirmə işlərinin davam etdirilməsi donorluq mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
Daha sonra Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova orqan donorluğunun tibb elminin inkişafında və insanların həyatının xilas edilməsində xüsusi yer tutduğunu qeyd edib. O bildirib ki, bu mövzuda məlumatlılığın artırılması yalnız ictimai şüurun formalaşmasına deyil, həm də gənclər arasında məsuliyyət, humanizm və həmrəylik duyğularının güclənməsinə xidmət edir.
Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxışında orqan donorluğunun tibbi tərəfləri, beynəlxalq təcrübə və beyin ölümü anlayışı haqqında məlumat verərək gəncləri bu məsələdə maarifli, eyni zamanda empatik olmağa səsləyib: “Hər bir donor — bir həyatın davamıdır. Bu, həm tibb elminin, həm də humanist yanaşmanın nəticəsində mümkün olur".
Tələbələr görüşə böyük maraq göstərərək hüquqi məsələlər, donorluğun təmannasız xarakteri və beyin ölümü zamanı ailələrə mənəvi dəstək kimi mövzularda çoxsaylı suallar ünvanlayıblar. Görüşün sonunda orqan donorluğunun əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin yekununda ölümdən sonra donor olmaq istəyən universitetin prorektoru və tələbələr Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş razılıq ərizəsini imzalayaraq bu nəcib missiyaya könüllü şəkildə qoşulublar. Belə təşəbbüslər cəmiyyətdə humanist yanaşmanı möhkəmləndirir və həyatın dəyərinə diqqəti artırır.